Ağac əkdik bəhər versin, heç bəhərdən əsər yoxdur,
Xeyir verdik, ziyan gördük, ol səmərdən əsər yoxdur.
Vaxt var idi bircə səndin bəxtəvərlər-bəxtəvəri,
İndi səni sayan yoxdur, bəxtəvərdən əsər yoxdur.
Aylar ilə Lissabon sammiti idi hər kanalda,
Nə oldu Lissabondaki ol zəfərdən əsər yoxdur.
Neçə il bundan öncə oldu Əsrin muqaviləsi
İllər ötür, zaman keçir, neft-kəmərdən əsər yoxdur.
Yaltağliğin, məddahliğin dərsin öyrən Aztv-dən,
Gəl düz xəbər umma ordan, düz xəbərdən əsər yoxdur.
Gürcü xalqı istədiynə nail oldu halal olsun.
Bəs nə üçün bizim xalqda bu hünərdən əsər yoxdur?
Şah İsmayıl böyük əsər miras buraxmış bizlərə,
Xəyanət etdik mirasa heç əsərdən əsər yoxdur.
Bu sözləri Həbibullah söz əhli olmayan bilməz,
Nə zərlərdən əsər qalmış, nə zərgərdən əsər yoxdur.
29 Noyabr 2003, Berlin.